Tariximiz

Tariximiz

Azərbaycan Respublikası Atıcılıq Federasiyası tarixi

Orta əsrlərdən ov tüfəngindən atəş açma yarışlarının keçirildiyi barədə məlumatlar mövcuddur. O vaxtlar ovçular uçan quşlara, ov heyvanlarına atəş açmaqla əylənər, eyni zamanda ovçuluq sənətinin sirlərini mənimsəyərdilər. Ətraf mühitə, canlı aləmə bağlı insanların etirazlarına baxmayaraq, "Göyərçin ovu" adı ilə bir çox ölkələrdə populyarlaşan bir idman növü meydana gəldi. Ingiltərə, Fransa, Almaniya, Italiya kimi bir çox Avropa ölkələrində artıq XVIII əsrin ortalarından ovçuluq idmanı üzrə ixtisaslaşmış klublar yaradıldı və onlar öz aralarında yarışlar keçirməyə başladılar. Beləliklə də atıcılıq idman növünün təməli qoyuldu. Azərbaycanda stend atıcılığı ilə 1920-ci ildən məşğul olmağa başlayıblar.

Ölkəmizin stend atıcılarının Olimpiya Oyunlarında iştirakı 1988-ci ildə Seul olimpiadasından başlayıb. Bu idman növündə ölkəmizi təmsil edən Valeri Timoxin Seul və Atlanta olimpiadalarının iştirakçısı olub. 2000-ci ildə Sidneydə keçirilən yay Olimpiya Oyunlarında isə təmsilçimiz Zemfira Meftahəddinova dünyanın ən sərrast stend atıcısı kimi tarixə düşüb. O, 100 mümkün xaldan 98-ni toplayaraq, həm də dairəvi stend növündə Olimpiya rekordunu təzələdi. General Vaqif Axundov Azərbaycan Atıcılıq Federasiyasının prezidenti vəzifəsinə seçildikdən sonra, bu idman növünə maraq daha da artdı. Federasiyanın maddi-texniki bazası gücləndirildi.