Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kubokunda 61 ölkədən 605 idmançı iştirak etmək üçün müraciət edib. Yarışlar mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. İndiyədək edilən müraciətlərə görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət qatılacaq.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.
Builki Dünya Kubokunda atletlər güllə atıcılığı üzrə 10 növdə yarışacaqlar. Yarışlarda ümumilikdə 36 medal oynanılacaq.
Yarışlar peyk vasitəsilə birbaşa translasiya ediləcək və Beynəlxalq Atıcılıq İdman Federasiyasının səhifəsində yayımlanacaq.
Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunda həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak edib. 28 may – 7 iyun tarixlərində keçirilən yarışlarda 30 növdə 94 medal oynanılıb.
“Builki Dünya Kubokunda keçiriləcək yarış növlərinin və oynanılacaq medalların sayı ötən il olduğundan 3 dəfə az olsa da, iştirak edən ölkə və idmançıların sayı çox yaxındır. Buna səbəb atletlərin Dünya Kubokuna bir neçə ay sonra Bakıda keçiriləcək Dünya Çempionatına sınaq yarışları kimi yanaşmasıdır” – AAF baş katibi belə bildirib. Emin Cəfərov Azərbaycan Atıcılıq Federasiyası və Bakı Atıcılıq Mərkəzi Dünya Kubokuna tam hazır olduğunu və dəstək üçün könüllülərin də cəlb edildiyini vurğulayıb.