14-16 aprel tarixlərində Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə “Azərbaycan Kuboku 2023” uğrunda yarış keçirilib.
Yarışda stend atıcılığının səngər və dairəvi növləri üzrə kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 42 idmançı iştirak edib.
Qadınlar arasında dairəvi stend yarışında Nurlana Cəfərova, kişilər arasında isə Fuad Qurbanov birinci yerin sahibi olub. Dairəvi stend üzrə qarışıq komanda kateqoriyasında isə Niyaz Ağazadə və Nurlana Cəfərova final görüşündə qalib gəliblər.
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri - qadınlarda Ülviyyə Eyvazova, kişilərdə isə Sabir Mehdizadə ən yüksək nəticəni göstərərək yarışın qalibi olublar.
Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov turnirin təşkil edilməsində əsas məqsədin beynəlxalq yarışlarda atıcılıq idman növündə ölkəmizi yüksək səviyyədə təmsil edə biləcək istedadlı gənclərin aşkarlanması olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Kubokunda nəticələrin hesablanıb qiymətləndirilməsi məqsədilə 6 beynəlxalq dərəcəli türk hakim ölkəyə dəvət edilib.